Neft qlobal ziddiyyətlər arasında | TƏHLİL

// “Qara qızıl” 50 dollaradək enə bilərmi?

   Neft qlobal ziddiyyətlər arasında    | TƏHLİL
  17 May 2025    Oxunub:407
ABŞ ilə Çin arasında bu ilin aprelin əvvəlindən başlayan “ticarət müharibəsi”ndə bir-birlərinə tədbiq etdikləri 145 və 125 faizlik gömrük rüsumlarının 90 günlüyə müvafiq olaraq 30% və 10%-ə endirilməsi haqda razılıq qlobal iqtisadiyyatda bir növ relsindən çıxmış prosesləri sanki geri qaytarır. Həftə başlayan kimi məsələn, qızıl 3% ucuzlaşdı, ABŞ dolları üzrə indeks 1% artdı, 10 illik istiqrazlar üzrə gəlirlilik 2,6%-dən yuxarı qalxdı, neftin qiymətində isə cüzi də olsa yüksəliş qeydə alındı.
Hələ fevralda yazdığım şərhlərimdə qeyd etmişdim ki, ABŞ ilə Çin arasında ciddi ticarət müharibəsi mümkün deyil. Bu, heç bir tərəf üçün effektli sayılmadığından, hətta müəyyən fürsətlər əmələ gətirsə belə, qlobal iqtisadiyyatı çökdürə bilər. Adları çəkilən ölkələrin hər biri digərindən asılıdır. Odur ki, Trampın birinci prezidentliyi dövründə də iki nəhəng arasında ticarət müharibəsi baş tutmamışdı.

Bunlara əsaslanaraq gəlinən qənaətə görə, ABŞ-da yeni administrasiya tərəfindən rüsumların birtərəfli qaydada artırılması və yaxud vergi tətbiqi siyasəti nəticəsində heç bir ciddi qlobal iqtisadi müharibə yaranmyacaq. İlk gündən qeyd etdiyim kimi, Donald Tramp iqtisadi sfera və iş, biznes qanunlarına bələd adam olduğundan, siyasi münasibətlərə öncə maddi maraqlar prizmasından yanaşır. Odur ki, ABŞ-ın iqtisadi mənafeyi onun üçün ilkin şərtdir. Siyasi ambisiyalar naminə iqtisadi maraqları qurban vermək Trampa yaddır.

ABŞ-nin yeni liderinin siyasəti nəticəsində iki cəhət özünü büruzə verir: dolların bahalaşması və neftin ucuzlaşması. Birincisi elə Tramp seçkidə qalib gələn kimi özünü göstərməyə başladı. İkincisinə, yəni neftə gəldikdə isə, Tramp strateji məhsullar üzrə bazarlarda sabitliyin tərəfdarı və birtərəfli şəkildə qiymət diqtəsi ritorikasının əleyhdarı kimi tanındığına görə, təbii ki, ucuz neft onun mövqeyini daha yaxşı ifadə edə bilər. Trampa görə neftin hətta 60 dollara satılması da bahadır. O hələ birinci prezidentliyi dövründə Səudiyyə Ərəbistanı başda olmaqla OPEC+ təşkilatını qiymətləri süni şəkildə 60 dollardan yuxarıda saxlamaqda günahlandırırdı. Trampa görə neftin dünya bazar qiymətləri 50 dollar civarında olmalı idi. Ölkəmiz üçün “ticarət müharibəsi” nəticəsində yarana biləcək inflyasiya və yaxud da ABŞ dollarının bahalaşacağı kimi faktorlardan çox, məhz bu amil - yəni neftin ucuzlaşacağı arzuolunmazdır.
Cənab “ucuz neft” | TƏHLİL

ABŞ ilə Çin arasında əldə olunan razılaşma fonunda neftin qiymətində yüksəlişin qeydə alınması ardıcıl xarakter daşıya bilərmi? Yəni, dünya bazarlarında qlobal ticarət davasının yumşalması və tezliklə tamamilə sovuşacağı ehtimalı qarşısında neftin qiyməti yenə yüksəlməkdə davam edəcəkmi?

Yəqin ki, yox. Çünki qlobal iqtisadiyyatda cərəyan edən proseslər öz məcrasına qayıtsa belə, neft çox bahalaşmayacaq. Bunun bir neçə səbəbi var.
Birincisi, OPEC+ ölkələri arasında 2016-cı ildən bəri formalaşmış mövqedə dəyişiklik yaranıb və getdikcə dərinləşir. Səudiyyə Ərəbistanı uzun fasilədən sonra sanki yenə ABŞ-nin tapşırıqlarına qulaq asmağa başlayıb. Hasilatın artırılmasına dair qərarların başında isə məhz bu ölkə durur.
İkincisi, bəzi hasilatçı ölkələr bazarda pay əldə etmək, bəziləri paylarını saxlamaq, bəziləri isə artırmaq üçün kəskin mübarizəyə və rəqabətə girişiblər. Bu da vəziyyətə ciddi təsir edir.
Üçüncüsü, ənənəvi enerji vasitələri növlərindən istifadənin məhdudlaşdırılmasına dair dünyada getdikcə genişlənən tendensiya sözünü deyir.

Odur ki, ucuzlaşmanın davam edəcəyi qaçılmaz görünür. Lakin, bəzi nüanslar da var. Bu da bir sıra ölkələrin ambisiyalı layihələri ilə bağlıdır. Məsələn, Səudiyyə Ərəbistanı Trampın dövründə ABŞ-a 600 milyard dollar sərmayə qoymağa vəd verib. Onun “Aramco” neft şirkətinin gəlirləri isə son 1 ildə 5% azalıb. Səbəb “Brent” markalı neftin bir barrelinin keçənilki 80 dollardan 60 dollaradək ucuzaşması hesab olunur.

“Aramco” qlobal neft bazarlarında liderdir. Onun bazar dəyəri 1,6 trilyon dollardan (1,4 trilyon avro) çoxdur ki, bu da “Aramco”nu “Microsoft”, “Apple”, NVIDIA, “Amazon” və “Alphabet” (“Google”un sahibi) sonra 6-cı ən böyük şirkət edir.
Digər tərəfdən, Səudiyyə Ərəbistanının faktiki hökmdarı, vəliəhd şahzadə Məhəmməd bin Salman nəhəng futuristik şəhər olan Neomun tikintisi üçün 500 milyard dollarlıq (450,1 milyard avro) sərmayə qoymalıdır. Futbol üzrə Dünya Çempionatı 2034-cü ildə bu ölkədə keçiriləcəyindən, həmin vaxtadək dəyəri 10 milyardlarla dollar olan stadionlar infrastruktur layihələri gerçəkləşdirilməlidir. Neft 50 dollaradək enərsə, bu, Ər-Riyada sərf edəcəkmi?!

Digər tərəfdən, həmin rəqəm heç neft hasilatçısı olan ABŞ-nin özünə də sərf etmir.

Dünya iqtisadiyyatında proseslər sanki məcrasına qayıdırmış kimi görünsə də, biz, hər halda, büdcədə neftin qiymətini 60 dollara salmalı, bu il üçün ölkəmizə qarşı xarici iqtisadi şok effekti yarada biləcək heç bir qorxu amili mövcud olmasa da, dinamikanın lap 50 dollaradək enəcəyi gedişatına da hazır olmalıyıq.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:   Neft  





Xəbər lenti